Cahil cəmiyyət insanları, maddiyatçı dünyagörüşlərindən ötrü təbii gözəlliklərə olan həssaslıqlarını da böyük ölçüdə itirərlər. Demək olar ki, ətraflarındakı hər şeyi, özləri üçün necə mənfəət təmin edə biləcəyi, dünya həyatından daha çox faydalana bilmələrində onlara necə töhfə verəcəyi düşüncəsiylə qiymətləndirərlər. Bu mənfəət axtarışı xarakterlərinə o qədər işləmişdir ki, onlar üçün hər hansı bir şey özləri üçün, ancaq mənfəət təmin edəcəyi təqdirdə qiymətli və mənalı ola bilir. Məsələn, gözəllik onların olacaqsa, bununla öyünüb ətraflarında etibar qazana biləcəklərini düşünürlərsə mənalıdır. Bu məhdud dünyagörüşlərindən ötrü də, dünyanın hər tərəfini bəzəyən təbii gözəlliklərin çox azını görər və bunlardan da ancaq çox az zövq alarlar.


Halbuki Allah dünyanın hər küncünü insan ruhuna dərindən təsir edən, bir-birindən ehtişamlı təbii gözəlliklərlə bəzəmişdir. Rəbbimiz insanların düşünüb ağıllarını işlətmələri, Özünün gücünü, böyüklüyünü görüb iman gətirmələri, şükür etmələri üçün hər an, hər yerdə, çox sayda nemət yaradar. İnsan, dünyanın hansı ölkəsində, hansı şəhərində yaşasa da, bu gözəlliklərin bir çoxuyla təmasda olar. Yağan bir yağışın, sahili döyən bir dalğanın, batan bir günəşin, yeni tumurcuqlanan bir çiçəyin görünüşü insan ruhuna çox böyük zövq verər. Allah, dünyanın hər yerində, gecə-gündüz müxtəlif görünüşə və valehediciliyə malik mənzərələr yaradar. Həmçinin Allah bunların hər birini insanlar üçün ayrı nemət kimi təqdim edər.


Möminlər, ətraflarında baş verən hər hadisəyə iman gözüylə baxdıqlarından, Allahın özləri üçün yaratdığı bütün bu gözəllikləri ən incə nöqtələrinə qədər görər və bunlardan böyük zövq alarlar. Cahil insanlarla aralarındakı fərq isə, bu məqamda ortaya çıxır: Şübhəsiz ki, dünya insanlara, baxdıqları kimi görünür. Qəflət gözüylə baxan dünyanı da qəflət pərdəsinin arxasından görər. Məhz bundan ötrü də, cahil insanların böyük hissəsi yaşadıqları dünyadakı gözəlliklərin bir çoxunu görə bilməzlər, gördükləri isə, onlar üçün elə də çox məna ifadə etməz. Onlar üçün ətraflarındakı bütün gözəlliklərin, nemətlərin, möcüzələrin üzərində pərdə var. Quranda gözləri olub da görməyən insanların vəziyyətini Rəbbimiz: "Sinələrindəki qəlblərinin kor olmasıyla" (Həcc surəsi, 46) ayəsiylə açıqlamışdır. Bu mövzudakı bir ayə belədir:

 

...Onların qəlbləri var, onunla anlamazlar; gözləri var, onunla görməzlər; qulaqları var, onunla eşitməzlər. Onlar heyvan kimidirlər, hətta daha alçaqdırlar. Qafil olanlar da məhz onlardır. (Əraf surəsi, 179)

 

Allah Mutaffifin surəsinin 24-cü ayəsində isə, möminlərin üzlərində nemətlərin parıltılı sevincinin görüləcəyini bildirir. Başqa bir ayədə isə, Rəbbimiz belə bildirir:

 

Həqiqət budur ki, Rəbbinizdən sizə bəsirətlər gəlmişdir. Kim bəsirətlə görsə, öz lehinə, kim də kor olsa, (görmək istəməsə) öz əleyhinədir. Mən sizin üstünüzdə gözətçi deyiləm”. (Ənam surəsi, 104)

 

Məhz bu şəkildə qəflət gözüylə baxan bəzi insanlar ətraflarındakı gözəllikləri də ancaq bu qəflət pərdəsinin arxasından görə bilirlər. Əlbəttə ki, bu insanlar da müxtəlif təbii gözəlliklərlə iç-içə yaşayar və bütün bunlardan yeri gəldikcə faydalanarlar. Məsələn dəniz kənarına getməyi, günəşin batışını seyr etməyi, çiçəklərə, ağaclara baxmağı xoşlaya bilərlər. Lakin bu xoşlanmanın dərəcəsi çox məhduddur. Ruhlarında böyük təsir oyadan həyəcan hissi yaşamazlar. Yaşadıqları ancaq çox qısa davam edən və bəsit bir həyəcan hissi olar. Bu həyəcan tezliklə öz yerini qeyri-həssaslıq və diqqətsizliyə verər. Bütün gözəlliklərdən çox tez sıxılarlar. Dərhal daha yenisini, daha valeh edicisini və daha orijinalını istəyərlər. Bu, tamamilə onların ruhlarındakı korlanmadan və qeyri-həssaslıqdan qaynaqlanır.


Cahil cəmiyyətlərdə "təbiətin pərəstişkarıyam", "təbiətlə iç-içə yaşamaq istəyirəm" kimi sözlər işlədən və hətta həyatının böyük hissəsini bu təbii gözəlliklər içində keçirən insanlar da var. Lakin bu məqamda bu insanlar barəsində verilməli bir sual var: Həqiqətdə bütün bu təbii gözəlliklərdən nə qədər zövq alınar?


Bu gözəlliklərdən zövq ala bilməyin yolu; Allahın gücünü və böyüklüyünü hiss edib, bu ehtişamın yaradıcısı olan Rəbbimizin qarşısındakı acizliyimizi görərək böyük hörmətlə Rəbbimizə təslim olmaqdır. Allah təkcə bu həqiqətləri görüb yaşaya bilən insanların bu gözəlliklərdən həqiqi mənada zövq ala bilmələrinə icazə verir.


Bütün bu gözəlliklər içində yaşamalarına baxmayaraq, bəzi insanlar, qəlblərindəki boşluqdan, daxili narahatlıqlarından və bədbəxtliklərindən xilas ola bilmirlərsə, bu, onların gözəlliklərdən həqiqi mənada zövq ala bilmədiklərini göstərər. Allaha iman gətirmədikləri müddətcə, bütün bunlar onlar üçün müvəqqəti heyranlıq duymalarını təmin edən və onlara ancaq qısa müddət maraqlı gələn əsərlər olmaqdan kənara çıxa bilməz.


Halbuki ətrafındakı bir gözəlliyi Allahın yaratdığını bilən insan, bu gözəlliyin arxasında bir çox mənalar, çox böyük təfərrüatlar tapar və bunları tapmağın verdiyi həyəcanı doyunca yaşayar. Bu, Allahın üstün sifətlərini, sonsuz yaratma gücünü, ağlının və elminin sonsuzluğunu, böyüklüyünü, bütün kainat üzərindəki hakimiyyətini hiss etməyin verdiyi çox böyük zövqdür. Eləcə də, bunun üçün dünyanın bütün ölkələrini gəzib, hər yerin mənzərəsini, hər yerin təbii gözəlliklərini ayrı-ayrılıqda görməsinə ehtiyac da yoxdur. İnsanların minlərlə dəfə görməyə alışdıqları üçün, yanından keçib getdikləri hər hansı təfərrüat da bu insana eyni zövqü verər. Ruhundakı zənginlik və dərinlik, bu insanı bu görünüşdən, qəlibinin çox dərinliklərinə təsir edən, böyük coşğu meydana gətirən zövq almasını təmin edər.


Məsələn, heyvanlar Allahın dünya həyatında insanlar üçün yaratdığı nemətlərdəndir. Minlərlə növ quşun səmada süzülməsindəki zəriflik, qanadlarındakı estetika, rənglərindəki canlılıq, tüklərindəki simmetriya və uyğunluq, iman gözüylə baxan bir insan üçün çox böyük zövq mənbəyidir. Bir sincabın dişlərindəki, əl hərəkətlərindəki, quyruğundakı gözəllik və sevimlilik möminin qəlbində çox böyük şəfqət hissi oyadar. Bir dovşanın gözəlliyi, mehribanlığı, əlinə aldığı kökü yeyərkən meydana gələn görünüş iman gətirənlər üçün sevinc mənbəyi ola bilər. Bir zebrin naxışındakı estetika, bir atın qaçışındakı ehtişam, bir ceyranın gözəlliyi, minlərlə müxtəlif növ canlının xüsusiyyətləri möminlər üçün zövq, sevinc və xoşbəxtlik vəsiləsidir.


Eyni vəziyyət təbiətdəki bənzərsiz təsvirlərə də aiddir. Yamyaşıl bir meşə, bir şəlalənin ehtişamlı görünüşü, buludları yaran dağların görkəmli duruşları, minlərlə növ ağac, çiçək, tərəvəz və meyvə insan ruhunda çox böyük heyranlıq hissləri oyadar. Möminlər gördükləri bütün bu gözəlliklərdən, Rəbbimizi düşündükləri, Onun üstün elmini və yaratma sənətini gördükləri üçün belə böyük zövq alarlar. Allahın yaratdığı bütün nemətlərə şükür edər, hər şeyi Allahın təcəllisi olaraq görərlər.


Möminin hər nemətdən olduğu kimi təbii gözəlliklərdən ala bildiyi zövq də, sərhədi olmayan, insanın ruh və iman dərinliyinə bağlı olaraq arta bilən həddə malikdir. Bu, Allahın, səmimi yanaşma tərzlərinə, iman gözüylə baxmalarına qarşılıq, təkcə möminlərə verdiyi zövqdür. İnkarçılar üçün dünyada itirilən bu gözəlliklər axirət həyatında da olmayacaq və onlar orada yalnız əzab içində yaşayacaqlar. Allah Quranda bu həqiqətə belə diqqət çəkir:

 

Dinlərini oyun və əyləncə sayanları və dünya həyatının aldatdığı şəxsləri tərk et. Bununla xatırlat ki, heç kəs qazandıqlarına görə özünü məhvə məhkum etməsin. Allahdan başqa onun nə bir vəlisi (hamisi), nə də bir havadarı olacaqdır. O nə cür fidyə versə də, ondan qəbul olunmayacaq. Onlar qazandıqları günahlara görə məhvə məhkum olanlardır. Küfr etdiklərinə görə onlar üçün qaynar içki və ağrılı-acılı bir əzab hazırlanmışdır. (Ənam surəsi, 70)