Allah Quranın: "Sən onları bir müddət öz cəhaləti içində burax! Yoxsa günahkarlar elə hesab edirlər ki, onlara var-dövlət və övlad verməklə onlara yaxşılıq etməyə tələsirik? Xeyr, onlar bu işin fərqinə varmırlar?" (Muminun surəsi, 54-56) ayələri ilə cahil cəmiyyət insanları barəsində çox mühüm bir məlumat verir. Belə ki, sahib olduqları nemətlər bu insanların xeyirləri üçün deyil.


Din əxlaqından uzaq yaşayan bəzi insanlar, dünya həyatını saysız nemət içində keçirə bilərlər. Bir insanın dünya həyatında istəyə biləcəyi demək olar ki, hər şeyə; zənginliyə, gözəlliyə, şana, şöhrətə, etibara və ağla gələ biləcək böyük-kiçik hər cür imkana sahib ola bilərlər. Lakin Rəbbimizin ayəsində bildirdiyi kimi, bunlar onlara heç bir xeyir verməz, onlar üçün həqiqi mənada nemətə çevrilməz. Allah bütün bunları onların dünyada və axirətdə dadacaqları əzabın dərəcəsinin daha da artması üçün verir. Allah onlara görünüşdə nemət verir, lakin bunlardan zövq alacaq ruh halını yaşamalarına imkan vermir. Dolayısilə bu insanlar dünya həyatının bütün gözəl nemətlərini əldə etsələr də, müəyyən mənada "nemətlər içində məhrumiyyət" yaşayarlar. Bir insanın istəyə biləcəyi hər şeyə sahib olması, ancaq bunlardan həqiqi mənada zövq ala bilməməsi isə, böyük əzabdır.


Lakin bu da unudulmamalıdır ki, bu insanlar yaşadıqları vəziyyətin əsil səbəbini vicdani cəhətdən çox yaxşı bilir, qəlblərində yaşadıqları boşluğun və narahat ruh halının vicdanlarına uyğun həyat tərzi yaşamamaqdan qaynaqlandığını da anlayırlar. Lakin bunu inkar edir və israrla anlamazlıqdan gəlirlər. Çıxış yolunu, imanda, Allaha sığınmaqda axtarmaq əvəzinə, yenə cahil üsullara əl atmaqda axtırarlar. Vərdişlərini, həyat tərzlərini, ictimai ətraflarını, dostlarını, getdikləri, gəzdikləri yerləri dəyişdirdiklərində hər şeyin yoluna girəcəyini, həyatlarındakı boşluqdan, qəlblərindəki sıxıntıdan xilas ola biləcəklərini güman edərlər.


Siz də çox vaxt ətrafınızdakı bəzi insanların tez-tez; "yeni həyata başlamaq istəyirəm", "hər şeyə yenidən başlayacağam", "keçmişimi silib atdım, həyatımda yeni bir səhifə açdım" kimi sözlər işlətdiklərini eşitmisiniz. Həqiqətən də bəzi insanlar hərdənbir həyatlarındakı hər şeyi, bütün incəlikləri yenidən ələ alar, hər şeyi daha gözəl və daha mükəmməl olanıyla dəyişdirməyə çalışarlar. Lakin yenə də axtardıqları mənanı, həsrətini çəkdikləri rahatlığı, zövqü və xoşbəxtliyi tapa bilməzlər. Məsələn, gündəlik həyatlarındakı vərdişlərini tamamilə dəyişdirərlər. Günlərini evdə, ailələriylə, uşaqlarıyla, ev işləriylə məşğul olmaqla keçirdikləri halda, həyatlarındakı monotonluğun bu həyat tərzindən qaynaqlandığını zənn edərək özlərinə yeni məşğuliyyətlər tapmağa çalışarlar. Həyatlarına yeni məna gətirəcəyini və özlərinə müxtəlif şəxsiyyət qazandıracağını düşünərək iş həyatına atılmağa qərar verərlər. Lakin qısa müddətdə eyni bəsitliyin iş həyatında da olduğunu görərlər.


Yenə də bu həqiqəti görməzlikdən gəlib axtarışlarına davam edərlər. Məsələn, incsənət fəaliyyətlərinə üz tutarlar; müəyyən şeylər yaratmaqdan, şəxsiyyətlərini əks etdirən əsərlər meydana gətirməkdən çox zövq alacaqlarını zənn edərlər. Lakin qısa müddətdə bu vərdişlərin də özlərinə gözlədikləri zövqü vermədiyini anlayarlar. Beləliklə də, özləriylə fəxr edə biləcəkləri, ətraflarındakı insanlar arasında öyünə biləcəkləri, cəmiyyətdə özlərinə yaxşı yer qazana biləcəkləri hər şeyi sınayarlar. Müxtəlif yığıncaqlarda iştirak edər, xeyriyyə təşkilatlarında boyunlarına vəzifələr götürər, sərgilərə, teatrlara, konsertlərə gedər, alış-verişə çıxar, müxtəlif idman sahələrini sınayar, dost yığıncaqlarına qatılarlar. Lakin qısa müddətdə bunlardan da sıxılar, qətiyyən axtardıqları zövqü tapa bilmədiklərini görərlər. Ortada dəyişən heç nə olmaz, çünki ruhlarında dəyişiklik etməyiblər. Cahil cəmiyyətin fərdləri ancaq sahib olduqları pis əxlaqdan uzaqlaşıb, Allahın əmr etdiyi gözəl əxlaqı yaşamağa başlayarlarsa, rahat və xoşbəxt ola bilərlər.


Bəziləri də xoşbəxtliyi pulla əldə edə biləcəklərini zənn edərək, diqqətlərini tamamilə bu istiqamətə verərlər. Pulla əldə edə biləcəkləri hər şeyin ən gözəlini, ən yenisi, ən son modelini, ən komfortlu və ən dəbdəbəlisini alarlar. Lakin daha əvvəl də ifadə etdiyimiz kimi, istədikləri hər şeyi əldə etmələri bu insanları xoşbəxt edə bilməz. Bunun başlıca səbəblərindən biri, cahil əxlaqı yaşayan insanların həmişə əllərindəkindən daha artığını istəmə arzularıdır. Daha çox pul, daha gözəl avtomobillər, daha gözəl evlər, daha yuxarı vəzifə və daha artıq rahatlıq arzusu, onları əsla qane etməz. Xoşbəxtliyi bunlarda axtardıqları halda, bunların heç birinin ruhlarına zövq verməməsini isə, əllərindəki imkanların qeyri-kafiliyi ilə əlaqələndirər və daha da artığını əldə etmə hərisliyinə qapılarlar. Məsələn, bəzi insanlar böyük avtomobil hərisliyinə qapılıblar. Avtomobilin markası, son model olması, yaxşı texniki təchizata, keyfiyyətli musiqi sisteminə sahib olması bu insanlar üçün olduqca mühüm incəliklərdir. Avtomobillərinə böyük düşkünlük göstərər və onlara ən kiçik bir zərər gəlməsini istəməzlər. Lakin çox gözəl bir avtomobil aldıqları vaxt, yaşadıqları xoşbəxtlik də qısa davam edər. Qısa müddət sonra aldıqları avtomobilin yeni modeli çıxar və əllərindəki, köhnə modelə çevrilər. Daha böyük sürətə, daha artıq aksesuara sahib və ya daha texnoloji xüsusiyyətlərə sahib bir avtomobilin mövcudluğunu bilmək də onları kədərləndirər. Bir anda sahib olduqları bu nemətdən aldıqları bütün zövqü itirərlər.
Eynilə paltar mövzusu da cahil insanlar üçün başlı-başına problemdir. Modanı ən yaxşı şəkildə izləmək istəyərlər. Maddi imkanı yaxşı olanlar qədər, bu mövzuda məhdud büdcəyə sahib olan insanlar da ətraflarıyla yarış içindədirlər. Lakin çox bəyənərək, özlərinə çox yaraşdığını düşünərək aldıqları bir paltar, dəbdən düşməsiylə birlikdə bir anda onlar üçün bütün mənasını itirə bilər. Bu paltarı, xoşlamadıqları və ya özüylə rəqabət apardıqları bir insanın üzərində görmək də, bu insanlara olduqca mənfi təsir göstərər. Bir anda bu paltardan soyuyub sıxılarlar. Eynilə özlərindən daha gözəl paltarlara sahib insanları görmək də, onlar üçün böyük narahatlıq səbəbi olar. Öz əllərindəki geyimlər nə qədər gözəl olsa da, bir müddət sonra onlara sıxıntı verməyə, bəsit gəlməyə başlayar.


Vərdişlər, ictimai fəaliyyətlər, maddi imkanlar və sahib olduqları digər imkanların heç biri bu insanlara axtardıqları xoşbəxtliyi verməz. Daimi təkrarlanılan bu sınaqların çoxluğu onları daha da mənfi ruh halına sürükləyər. Dünya həyatındakı bütün zövqləri tam mənasıyla tükətdiklərini anladıqlarında isə, ümumiyyətlə öz deyimləriylə; "həyatdan küsərlər".


Bütün bu mənfi hallara baxmayaraq, həmin bu insanlar çıxış yolunu imanda axtarmazlar. Bundan ötrü də, çəkdikləri bütün zəhmətə baxmayaraq, bədbəxtlik içində tərəddüd edərlər. Halbuki din əxlaqını yaşasalar, bu nemətlərdən heç təsəvvür edə bilməyəcəkləri qədər böyük zövq alarlar.


Bu həqiqət, möminlərin həyatlarında çox nəzərə çarpan şəkildə müşahidə olunar. Möminlər heç vaxt bezməzlər. Əksinə hər keçən gün, ruhlarındakı dərinliyin artmasıyla birlikdə, əllərindəki nemətlərin qiymətini daha da dərin şəkildə anlayarlar. Həmçinin bunlardan hər keçən an daha çox zövq almağa, daha çox həyəcan duymağa başlayarlar. Bunların hər birini, Allahın özlərinə olan rəhmətinin, sevgisinin və lütfünün təcəlliləri kimi görərlər. Bütün həyatlarını Allah üçün yaşadıqları, sahib olduqları hər neməti Allahın rizasını qazanmaq üçün istifadə etdikləri, hər işi Onun rizasını hədəfləyərək etdikləri üçün həmişə eyni böyük zövqü və həyəcanı yaşamağa davam edərlər. Allah iman gətirənlərin razı qalmış bu ruh hallarını Quran ayələrində belə bildirir:

 

O gün möminə deyiləcəkdir: “Ey razı qalmış kəs! Razı qalmış və razılıq qazanmış halda öz Rəbbinə tərəf dön! Mənim qullarımın cərgəsinə keç! Cənnətimə daxil ol! (Fəcr surəsi, 27-30)