Həyatlarını dünya həyatının arxasınca qaçaraq tükədən cahil insanların itirdikləri zövqlərin biri də, Allah rizasına uyğun hərəkət etməyin, Onun sevgisini, dostluğunu və yaxınlığını ummağın verdiyi böyük həyəcandır. Bu, bir çox cahil insanın həyatları boyu heç anlaya bilmədikləri və heç dadmadıqları çox böyük duyğudur. Bir insanın ən yaxın dostu, yeganə köməkçisi və dəstəkçisi, əsil sevdiyi və bütün həyatını rizasını qazanmağa həsr etdiyi Rəbbimiz olan Allahdır. İmanlı bir insan, oyandığı andan etibarən bütün vaxtını Allahın bəyənəcəyi bir əxlaq göstərə bilmək, Onun sevgisini qazana biləcəyi rəftarlar göstərmək məqsədi ilə keçirər. Allahın razı qalacağını ümid etdiyi bir rəftar göstərə bildiyi hər an, imanlı bir insan üçün böyük həyəcan mənbəyi və böyük sevinc vəsiləsi olar.
Allah üstün güc sahibi olan Yaradıcımızdır və Onun qüdrəti qarşısında hər insanın etməli olduğu, qulluq vəzifələrini tam şəkildə yerinə yetirməkdir. İmanlı bir insan özünü, ibadətlərinə göstərdiyi diqqətlə bəlli edər. Allahın fərz buyurduğu 5 vaxt namaz, dəstəmaz və oruc kimi ibadətlərini həyatı boyu şövqlə davam etdirər. İbni Ömər (r.ə)-dən rəvayət edildiyinə görə, Rəsulullah (s.ə.v) belə buyurmuşdur:


"İslam beş təməl üzərində qurulmuşdur: Allahdan başqa ilah olmadığına və Məhəmmədin Allahın Elçisi olduğuna şahidlik etmək. Namazı doğru-düzgün qılmaq, zəkatı layiqincə vermək, Allahın evi olan Kəbəni həcc etmək və Ramazan orucunu tutmaq". (Buhârî, Îmân 1, 2, Tefsîru sûre(2) 30; Müslim, Îmân 19-22. Həmçinin baxın: Tirmizî, Îmân 3; Nesâî, Îmân 13)


Eynilə Allah rizasına uyğun olmayan bir rəftardan, Ona olan sevgisindən ötrü çəkinməsi, Ona olan sədaqətindən və bağlılığından güzəştə getməməsi də, yenə imanlı bir insanın qəlbində böyük xoşbəxtlik hissi yaranmasına səbəb olar.
Saleh mömin bütün həyatı boyu, insanlar arasında Allahın ən sevdiyi, ən çox razı qaldığı, Allaha ən yaxın insan ola bilmək üçün səy göstərər. Bu səyin ruha verdiyi zövq, dünyadakı heç bir nemətdən alınacaq zövqlə müqayisə edilə bilməz.


Allah, bir Quran ayəsində: "...Allah, İbrahimi dost tutmuşdur" (Nisa surəsi, 125) deyə bildirər. Mömin bir insan, peyğəmbərlərin əxlaqını özünə nümunə götürərək, Allahın hz. İbrahimə bəxş etdiyi dostluq nemətinə layiq olub, Allahın yaxınlığını qazana bilmək üçün bütün həyatı boyu səmimi səy göstərər. Allah Quranda iman sahibləriylə əlaqədar belə buyurur:

 

Önə keçən mühacirlərə və ənsarlara, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedənlərə gəlincə, Allah onlardan razıdır, onlar da Ondan razıdırlar. Allah onlar üçün ağacları altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları hazırlamışdır. Məhz, bu, “böyük qurtuluş və xoşbəxtlik”dir. (Tövbə surəsi, 100)

 

İmanlı bir insan Allahın ayədə bildirdiyi insanlardan ola bilmək və Rəbbimizi razı salmaq üçün, əlindən gələn hər şeyi edər. Bu səmimi səyin ruhda yaratdığı coşğu, vicdanda oyandırdığı rahatlıq və etimad duyğusu insana çox böyük zövq verər. Bütün bu zövqlər möminlərin axirətdə də əbədiyyən alacaqları nemətlərdəndir. Allah, iman sahibi qulları üçün axirətdə də; "rəhmətinin, rizasının və cənnətinin" olduğunu müjdələyir:

 

De: “Sizə bunlardan daha yaxşısı barədə xəbər verimmi? Allahdan qorxanlar üçün Rəbbi yanında ağacları altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları, pak zövcələr və Allahın rizası vardır”. Allah qullarını görür. (Ali İmran surəsi, 15)

 

Məhz cahil insanlar bütün bu nemətlərin varlığından xəbərsiz həyat tərzi yaşayarlar. Vicdanlarının səsinə qulaq asmadan, yalnız nəfslərinin istəkləri ardınca qaçaraq yaşadıqları üçün, bütün bu gözəlliklərdən məhrum qalarlar. Həmçinin bu məhrumiyyət digər nemətlərdə olduğu kimi, axirət həyatında da Allah istədiyi müddətcə davam edəcək.