Sevgi insanın ən dərin və ən güclü hiss edə bildiyi duyğulardan biridir. Eləcə də, Allahın dünya həyatında insanlar üçün yaratdığı ən gözəl, ən böyük nemətlərdəndir. İnsan, Allahın yaratdığı maddi-mənəvi bütün nemətlərdən çox böyük zövq alar; gözəl bir mənzərə, gözəl bir ev, valehedici bir musiqi, estetik hazırlanmış bir süfrə, bütün bunlar, insan ruhunda böyük coşğuya səbəb olar. Lakin heç biri sevgidən alınan zövqün yerini tutmaz.
Sevgini həqiqi mənada yaşaya bilmək üçünsə, müəyyən şərtlər təmin olunmalıdır. Əvvəla bir insanın sevgini yaşaya bilməsi üçün, o, digər insanlardakı gözəl xüsusiyyətləri, incəlikləri görə biləcək ağla sahib olmalıdır. İnsanın ağlı və vicdanı nə qədər açıqdırsa, sevə bilmə gücü də o qədər yüksəkdir. İnsana bu üstün xüsusiyyətləri qazandıran isə, ancaq iman və Allah qorxusudur. Dolayısilə insan, imanı və Allah qorxusu ölçüsündə sevgi bəsləyə bilər, sevgidən bu ölçüdə zövq ala bilər.


Eynilə bir insanın həqiqi mənada sevilməsi üçün də, yenə bu insan sevilə biləcək xüsusiyyətlərə sahib olmalıdır. Bunlar Allah qorxusuna və imana əsaslanan xüsusiyyətlərdir. Bir insan Allaha nə qədər dərin iman edər, Allahdan nə qədər qorxarsa, bu insanda o qədər çox seviləcək xüsusiyyət meydana gələr. Çünki Allahdan qorxan insan gözəl əxlaqlı olar; mərhəmət, tolerantlıq, etibarlılıq, cəsarət, fədakarlıq, ağıl, vicdan həssaslığı kimi xüsusiyyətləri Allah qorxusu ilə yaranar. Bütün bunlar da iman gözüylə baxan insanların qəlbində normal olaraq güclü və dərin sevgi meydana gəlməsini təmin edər. Bu şərtlər bir yerə toplanmadıqda, yəni sevginin təməli Allah qorxusu və imana əsaslanmadıqda isə, insanların əsil sevgini yaşamaları mümkün olmaz.


Möminlərin başqa insanlara qarşı qəlblərində bəslədikləri sevginin əsl mənbəyi isə, Allaha qarşı bəslədikləri sevgidir. Bir insana qarşı bəslənilən qəlbdəki coşğunu Allahın yaratdığını, hər şeydə Allahın təcəlli etdiyini bilmək, insana sevgidəki dərinliyi verən əsil səbəbdir.
Cahil insanların isə, sevgiyə olan dünyagörüşləri çox fərqlidir. Sevgi anlayışları tamamilə mənfəətə əsaslandığı üçün, sevgini həqiqi mənada heç vaxt yaşaya bilməzlər. Özlərinə mənfəət təqdim edən, rahatlıqlarını təmin edən, cahil meyarlar əsasında yaxşılıq edən insanları sevməli olduqlarına inanarlar. Lakin bu inanclarını, çürük təməllərə əsaslandırdıqları üçün, qəlbdən gələn səmimi sevgiyə döndərə bilməzlər. Çünki ən çox (daha doğrusu yalnız) özlərini sevərlər. Özlərinin çox qiymətli olduğuna inandıqları üçün, həmişə özlərinə gözəllik təqdim edilməsini, özlərinin əl üstündə gəzdirilmələrini, qayğı və diqqət görmələrini istəyərlər.


Bütün bunlar özlərinə təqdim edildiyi müddətcə qarşı tərəfə bir növ sevgi bəsləyərlər. Lakin bu sevgi çox vaxt qarşılarındakı insana zövq verən, onu xoşbəxt edə biləcək və sevildiyini hiss edə biləcəyi bir sevgi olmaz. Bu, süni olduğu və mənfəət qarşılığında, xatir üçün göstərildiyi məlum olan nəzakət nümayişindən ibarətdir. Necə ki, həmin bu insandan əldə edə biləcəkləri maddi və ya mənəvi mənfəət bitdikdə, bu saxta nəzakət nümayişi də dərhal bitər.


Sevgiləri saxta təməllərə əsaslandığı üçün, həqiqətən çox sevdiklərini iddia edən insanlar belə, sevgilərini səmimi rəftarlarıyla göstərə bilməzlər. Məsələn, bir-birlərinə olan sevgilərini qəlbdən gələn səmimi sözlərlə ifadə edə bilməzlər. Cahil cəmiyyətlərdə ümumiyyətlə bu məqsədlə istifadə edilməsi üçün, qəlibləşdirilmiş sevgi sözləri, sevgi cümlələri vardır. Xüsusi günlərdə sevgi nümayişi olaraq alınan hədiyyələrin üzərlərində həmişə bu sözlər yazılar. Halbuki səmimi sevgidə insan hər an sevdiyi insana bu duyğularını daha əvvəl heç işlətmədiyi, bir-birindən valehedici, bir-birindən təəccüblü sözlərlə ifadə edə bilər. Hər biri digərindən və əvvəlkindən fərqli olar. Çünki bu coşğunu qəlbində ən canlı şəkildə hər an yaşayar.


Həqiqətən sevən insan, sevdiyini qürurlandırar, ucaldar. Onu, dünyada və axirətdə zərər gətirəcək şeylərdən çəkindirər. Onun yaxşılığı, rahatlığı, təhlükəsizliyi üçün səmimi səy göstərər. Hamısından əhəmiyyətlisi, sevgisi müəyyən şərtlərdən asılı olmaz. Sevgisinə qarşılıq gördüyü təqdirdə sevən bir insan, həqiqi mənada sevgini bilməz. Əsil sevgidə qarşılıq, ancaq Allahdan gözlənilər. Əsil məqsəd Allahın rizasını qazana bilməkdir.


Cahil cəmiyyətlərdəki yanlış qənaətlərdən biri də; "zamanın sevgini azaldan ünsür olması"dır. Zamanla insanların bir-birlərindən sıxılacaqlarına, həyəcanlarını itirəcəklərinə inanarlar. Həqiqətən də cahil cəmiyyətlərdə bəzi əlaqələr çox vaxt bu şəkildə nəticələnər. Bu düşüncə bəzi insanların yaşadıqlarının "süni sevgi" olmasından, əsil sevgini heç yaşamamış olmalarından qaynaqlanır. Əsil sevgidə, tam əksinə, zaman həmişə müsbət rol oynayar. İnsanlar bir-birlərinin gözəl xüsusiyyətlərinə, şəfqət, mərhəmət, əliaçıqlıq, incə düşüncə, fədakarlıq kimi xüsusiyyətlərinə hər dəfə şahid olduqlarında sevgiləri qat-qat artar. Zaman içində insanların şəxsiyyətlərinin inkişaf etməsi, əxlaqlarının gözəlləşməsi, rəftarlarının mükəmməlləşməsi ilə birlikdə, bir-birlərinə qarşı bəslədikləri sevgi də dərinləşər. Əsil sevgidə əsla bezmək və sıxılmaq olmaz.


Eləcə də, əsil sevgidə bir insanın gözəlliyini, maddiyyatını, etibarını itirməsi qətiyyən əhəmiyyət daşımaz. Tək əhəmiyyətli olan insanın əxlaqı və xarakteridir. Lakin cahil insanların əsil prinsipləri maddi dəyərlər olduğu üçün, bu çürük təməllər əsasında qurulan əlaqələr, maddi itkilərlə birlikdə dərhal yox olar.


Görüldüyü kimi, cahil insanlar qəlblərindəki inanc pozuqluqlarından ötrü sevgisiz dünyada yaşayırlar. İnsan ruhunun ən çox zövq aldığı bir gözəllikdən, öz dünyagörüşlərindəki səhvlikdən ötrü lazımınca zövq ala bilmirlər. Daha da əhəmiyyətlisi, dünya həyatında olarkən sevgini həqiqi mənada yaşamayan, sevib-sevilməyi bacarmayan bu insanlar axirətdə də əbədiyyən bu nemətin zövqündən məhrum qalacaqlar. Çünki cənnət, Allah sevgisiylə dolu olan, sevməyi çox yaxşı bacaran, sevilməkdən çox zövq alan insanların əbədiyyən yaşayacaqları yerdir. Allah Quran ayələrində, dünya həyatındakı gözəl əxlaqlarına qarşılıq sonsuz gözəllik yurdu olan cənnətdə möminləri müjdələdiyi nemətlərdən birinin də; "bir-birlərinə sevgiylə bağlı" həyat yoldaşları olduğunu bildirmişdir. Allah ayələrdə cənnətdəki mühiti belə təsvir edir:

 

Onlar diqqətlə bəzənmiş taxtlar üstündə qarşı-qarşıya əyləşib dirsəklənəcəklər. Onların ətrafında həmişəcavan xidmətçi gənclər fırlanacaqlar; çeşmə şərabı ilə dolu badələr, bardaqlar və qədəhlərlə – ondan başları ağrımaz və məst olmazlar, bəyənib seçdikləri meyvələr və istədikləri quş əti ilə hərlənəcəklər. Onları iri gözlü hurilər gözləyir – sədəf içində saxlanılmış mirvariyə bənzər hurilər. Bu, onların etdikləri əməllərin mükafatı olacaq. Onlar orada nə boş söz, nə də günaha səbəb olan söhbət eşidəcəklər. Ancaq: “Salam! Salam!” – sözləri eşidəcəklər. Sağ tərəf sahibləri. Nə xoşbəxtdir sağ tərəf sahibləri! Onlar dolu budaqları bükülmüş gilas ağacları arasında, meyvələri salxım-salxım asılmış banan ağacları altında, uzanmış kölgəliklərdə, daim axan sular kənarında, çoxlu meyvələr, tükənməz və qadağan edilməyən meyvələr içində və hündür yerlərə qoyulmuş döşəklər üstündə olacaqlar. Həqiqət budur ki, Biz onları yeni biçimdə yaradacağıq. Onları bakirə qızlar edəcəyik – ərlərinə sevgiylə bağlı, həmyaşıdlar. Bunlar sağ tərəf sahibləri üçündür. (Vaqiə surəsi, 15-38)