Quran əxlaqına uyğun, kamil rəftarlarla qarşılaşmaq hamının xoşuna gələr. Hamı ətrafındakı insanların özünə yaxşı və gözəl rəftarlar sərgilməsini istəyər. Qüsurları olduqda tolerant davranılmasını, bir problem olduqda ən ədalətli şəkildə qərar verilməsini, nə qədər qürurlu rəftar sərgilənsə də özlərinə təvazökarlığın istiliyi ilə yaxınlaşılmasını arzulayar. Nə qədər dözülməz rəftar göstərilsə də, özünə qarşı səbirlə yanaşılmasını, ehtiyac içində olduqda fədakarlıq göstərilməsini, nə qədər çox olsa da, səhvlərinin hər dəfə bağışlanılmasını, həmişə sevgiylə yaxınlaşılmasını gözləyər. Belə əxlaqla qarşılaşmadıqları vaxt isə, bu vəziyyətdən olduqca narahat olar. Etdiyi söhbətlərdə həmişə bu vəziyyətdən gileylənər, "insanlığın öldüyü"ndən, insanların korlandığından, heç kəsin özündən başqasını düşünmədiyindən, maddiyatçı dünyanın, insanları insani duyğulardan uzaqlaşdırdığından bəhs edər.
Bütün bu tələblərinə baxmayaraq, bir çox insan bu cür əxlaqı yaşamaq üçün heç bir səy göstərməz. Həm; "mənə yaxşılıq edilsin, lakin mən təkcə özümü düşünüm" və ya "mənə zərər gələcəyinə başqasına zərər gəlsin" bənzəri eqoist düşüncələri, həm qürurları, həm də bəzi cahil inanclarından ötrü, gözəl əxlaqı yaşamaqdan qaçarlar. Bu vəziyyətin təməlində isə, Allah qorxuları olmadığı üçün, vicdanlarının səsinə görə deyil, mənfəətlərinə görə hərəkət etmələri yatır.


İnsana gözəl əxlaq qazandıracaq yeganə yol Allaha iman gətirmək və bu imandan qaynaqlanan Allah qorxusudur. Bundan savayı, insanların göstərdikləri gözəl rəftarlar həmişə müxtəlif mənfəətlərə söykənən, müvəqqəti rəftarlardan ibarət olacaq. Məsələn, bir yerdən mənfəət gələcəyini hiss etdikləri vaxt, cahil əxlaqlarından güzəştə gedirmiş kimi görünəcək, hərdənbir fədakarlıqlar və tolerant rəftarlar göstərəcək, bundan başqa isə, yalnız mənfəətlərinin özlərini sövq etdiyi əxlaqı yaşayacaqlar.


Bu yanlış düşüncələrin onlara vurduğu ziyansa, çox böyükdür. Hər nə qədər eqoist, qeyri-tolerant və ya ədalətsiz davrandıqlarında, kiçik-kiçik dünyəvi mənfəətlər təmin edirlərmiş kimi görünsələr də, əslində yaşadıqları bu pis əxlaq ruhlarına çox böyük zərər verər. Hər dəfə vicdanlarına zidd hərəkət etdikləri vaxt, bu onların içlərinin daha da qaralmasına, ruhlarında daha böyük boşluqlar, mənəviyyatlarında daha böyük itkilər yaranmasına səbəb olar.


Gün ərzində yüz dəfələrlə gözəl davranacaqları hadisələrlə qarşılaşarlar. Necə ki, bu fürsətləri həmişə vicdansız şəkildə qiymətləndirmələri, onları həssaslıq hissini yox edər. Artıq heç nədən təsirlənməyən, vicdanlarında çox cüzi hərəkət də, bunu hiss etmədən hər cür yanlış rəftarı asanlıqla göstərə biləcək insanlara çevrilərlər.


Həm heç zəhmət çəkməmək, həm də gözəl bir dünyada, gözəl bir həyat yaşamaq istəyərlər. Halbuki zəhmət çəkmədən heç bir gözəllik meydana gəlməz. Allahın bir Quran ayəsində: "İnsan özünə xeyir diləməkdən usanmaz..." (Fussilət surəsi, 49) sözləriylə bildirdiyi kimi, özləri üçün həmişə hər şeyin ən yaxşısını, ən çoxunu istəyərlər. Gözəl əxlaq göstərib bunun üçün səy göstərmələri tələb olunduqda isə, "mən beləyəm", "bu yaşdan sonra dəyişə bilmərəm ki", "mənim şəxsiyyətim belədir, xarakterim belədir" kimi sözlər işlədərlər. Halbuki bu vəziyyət nə xarakterlərindən, nə də yaşlarından qaynaqlanır. Bu, ancaq heç bir zəhmət çəkməyib, nəfslərinə uyğun davranmalarındandır. İnsan ancaq zəhmət çəkdikdə, doğru olanı etmək üçün iradə göstərdikdə ortaya gözəl rəftar çıxar. Lakin cahil insanlar nəfslərini yetişdirmək və iradə göstərmək üçün özlərini motivasiya edəcək hər hansı səbəb tapa bilməzlər. Axirətə inanmadıqları, haqq-hesab günündə vicdanlarının səsini dinləyib-dinləmədiklər məsələsində sorğu-sual ediləcəklərinə ehtimal vermədikləri üçün; "niyə özümü çətinliyə salım?", "niyə istədiyim kimi davranmıyım?" deyə düşünərlər. Halbuki bu insanlar yanılırlar və vicdanlarının səsinə qulaq asmadan etdikləri hər rəftarın hesabını axirətdə verəcəklər.


Bütün bunlarla yanaşı, gözəl əxlaq insana dünyada böyük zövq yaşadır. Gözəl əxlaq ruhda (heç bir maddi mənfəətlə müqayisə edilməyəcək dərəcədə) böyük həyəcan və coşğu meydana gətirər. Bu zövqü almayan insanların bunu anlamaları qeyri-mümkündür. Bu, cahil əxlaqın ruhda yaratdığı boşluğun tam əksi olan bir həyəcandır. Vicdanın səsinə qulaq asmağın verdiyi rahatlıq və coşğunu, tamah edilən hər hansı dünyəvi mənfəətdə tapmaq qeyri-mümkündür.


Eqoist xarakterləri bu insanların çox qaranlıq dünyada yaşamalarına səbəb olar. Çünki hər kəsin eyni eqoist əxlaqı mənimsədiyi bir dünyada, fədakarlıq edəcək, anlayışlı davranacaq, göz yumub bağışlayacaq, səhvlərə qarşı mərhəmətlə, sevgiylə yaxınlaşacaq heç kim qalmamış olar. Dolayısilə sülhdən, qardaşlıqdan, sükunətdən uzaq, xaosun və qarışıqlığın hakim olduğu bir mühitdə yaşamağa məhkum olarlar. Fədakarlığın zövqünü ala bilmədikləri üçün, eqoizmin verdiyi vicdan əzabını yaşayarlar. İtaətkar olmağın, gözəl söz söyləməyin, göz yummağın gözəlliyini dada bilmədikləri üçün, döyüş, mübahisə və çəkişmə mühitlərinin sıxıntısını çəkərlər. Əsəbiləşmənin, qışqırıb-bağırmağın, vurub-yıxmağın həm mənəvi, həm də fiziki əzabını dadarlar.


İnsanların həmişə bir-birlərinə "söz ilişdirdiyi", lağlağı üslublarla danışdığı, qəzəbli sözlər söylədiyi, kin və intiqam duyğularını yatışdırmaq ardınca qaçdıqları çətin mühitlərdə yaşayarlar. Təvazökarlıq etməyin bəxş etdiyi asanlığı yaşaya bilmədikləri üçün, qürurun və eqoizmin ruha verdiyi qatılığı, sərtliyi və sıxıntını dadarlar. Gözləri həmişə daha artığında olduğu üçün, qənaətkar və şüküredici olmağın ruha verdiyi rahatlıq hissindən xəbərsiz yaşayar, həris və tamahkar olmağın verdiyi sıxıntıya dözmək məcburiyyətində qalarlar. Tamamilə vicdanlarına zidd əxlaq göstərdikləri üçün, həmişə böyük vicdan əzabıyla yaşayarlar. Həmçinin ətraflarındakı insanların da həmişə bu əxlaqı göstərmələri onlar üçün ayrı kədər və sıxıntı vəsiləsi olar. Həyatlarını, dünyanın imkanlarından ən yaxşı şəkildə istifadə edərək gözəl həyat yaşamaq məqsədi üzərində qurmuş bu insanlar üçün, bu cür qaranlıq həyat, əlbəttə ki, böyük məyusluqdur.


Lakin unudulmamalıdır ki, bu qaranlıq həyatı həmin bu insanlar öz iradələriylə seçiblər. Allaha iman gətirib, həm dünyada, həm də axirətdə, həyatı və bütün zövqləri mümkün qədər ən gözəl, ən dolu və ən güclü şəkildə yaşamaq olduğu halda, onlar yalnız dünyadakı bəzi müvəqqəti maddi zövqlərə razı olublar. Gözəl əxlaq göstərə bilmək öz əllərində olduğu halda, vicdanları ilə nəfslərinə uymaq arasında seçim etmiş və seçimlərini nəfslərinə uymaqdan yana etmişdirlər. Yaşadıqları qaranlıq dünyanı, xaos mühitini özləri istəmiş və əllərindəki zövqləri bilə-bilə özləri tükədiblər.

 

Allah Quranda: "Şübhəsiz ki, Bizimlə qarşılaşacaqlarına ümid etməyənlər, dünya həyatından razı qalıb onunla rahatlıq tapanlar və ayələrimizdən xəbərsiz olanların – məhz onların qazandıqları günahlara görə sığınacaqları yer Oddur" (Yunis surəsi, 7-8) ayələriylə "dünya həyatına razı qalan" bu insanları axirətdə ala biləcəkləri qarşılığı xatırladaraq xəbərdar edir.