Dünyaya hərisliklə bağlanan bəzi insanlar, çox qısa yaşaya bilib və hər an ölümlə qarşılaşa biləcəklərini düşünərək, əllərindəki zamanı ən gözəl şəkildə keçirmək istəyərlər. İnsanların dünya həyatını imkanlarının əl verdiyi ən yaxşı şəkildə yaşamaq istəmələri səhv bir şey deyil. Çünki Allahın dünya həyatını müxtəlif gözəlliklərlə bəzəmiş olmasının bir hikməti də, bütün bunlardan istifadə edib Özünə şükür etməyimizdir.

Cahil insanların bu arzularını həyata keçirərkən etdikləri səhv, dünya həyatının gözəlliklərini; "cahil üsullar"la əldə edə biləcəklərini sanmalarıdır. Bu insanlar, öz ağıllarıyla tapdıqları və ya cəmiyyətin əksəriyyətindən gördükləri üsulları tətbiq etdikləri təqdirdə, dünya həyatının zövqlərindən ən yaxşı şəkildə faydalana biləcəklərini düşünərlər. Məhz bu məqsədlə də yapışdıqları üsullardan biri də "əylənmək"dir. Lakin əyləncənin növünü və şəklini də yenə öz ağıllarıyla, öz həyat tərzləri və öz əxlaq anlayışları çərçivəsində təyin etdikləri üçün, bundan da lazımınca zövq ala bilmirlər. Çünki Allah, bir Quran ayəsində: "...Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapır" (Rad surəsi, 28) deyə buyuraraq, insanın ancaq qəlbən Allaha bağlandığı təqdirdə həqiqi mənada sevinə biləcəyinə diqqət çəkir.
Bundan savayı insan hər nə etsə də, dünyanın ən rəngarəng, ən keyfiyyətli, ən çeşidli əyləncə növlərini tapsa da, bunların heç biri ona həqiqi mənada daimi zövq verə bilməz.


Cahil insanların əyləncə axtarışlarını ətraflı şəkildə araşdırsaq, bu axtarışlarının necə məyusluqla nəticələndiyini daha yaxşı görə bilərik.
Əvvəlcə bunu ifadə etmək lazımdır ki, din əxlaqını yaşamayan insanların əyləncə anlayışları olduqca məhduddur. Həyatlarını cahil cəmiyyətin gözləntiləri istiqamətində, bu insanlar arasında yaxşı yer tutub, onların gözündə etibar qazana bilmək kimi, hədəflər üzərinə qurduqları üçün, əyləncə mövzusunda da öz zövqlərindən çox, cəmiyyətin qəliblərinə uymağa çalışarlar.


Bu düşüncələrə sahib bir çox insan bəlkə özlərinə qalsa evdə oturub sevdikləri bir televiziya proqramını izləməkdən, gözəl bir yemək yeməkdən, mənzərə seyr etməkdən və ya söhbət etməkdən olduqca zövq alacaq və vaxtlarını bu şəkildə dəyərləndirməyi seçəcəklər. Lakin hər nə qədər özlərini məmnun etsə də, bunlarla öyünə və etibar qazana bilməyəcəklərini düşünərlər. Bundan ötrü də, cəmiyyətin əksəriyyəti son vaxtlarda nə edirsə eynisini etməyi, hər kəs əylənmək üçün hansı yerlərə gedirsə o yerlərə getməyi, nə cür əylənirsə o cür əylənməyi seçərlər.


Bu dünyagörüşlərindən ötrü cahil cəmiyyətdə insanların əyləncə anlayışları yalnız müəyyən bir neçə mövzu ilə məhdudlaşar. Bunlar da ümumiyyətlə bir neçə dostun bir yerə toplanıb yeməyə çıxmaları, teatr, kinoteatr kimi yerlərə getmələri, məktəb və ya iş ətraflarında keçirilən ictimai fəaliyyətlərə qoşulmaları, kafe və ya çay bağçaları kimi yerlərə gedib söhbət etmələri və ya bar, disko kimi məkanlarda musiqi dinləyib rəqs etmələrindən ibarətdir. Əlbəttə ki, bu sayılanlardan bəziləri insanların həqiqətən də zövq ala biləcəkləri, əylənib sevinə biləcəkləri gözəl fəaliyyətlərdir, ancaq bütün bunlardan həqiqi mənada zövq alına bilməsi üçün, bu insanların Allahdan qorxan, imanlı və gözəl əxlaqlı insanlar olmaları vacibdir. Bunun əksi olduqda, əllərindəki bu gözəl imkanların hər biri özlərinə sıxıntı verəcək, cahil əxlaqın sıxıntısı çəkdikləri mühitlərə çevriləcək. Necə ki, din əxlaqından uzaq ruh halı içində yaşayan insanların bir yerə toplandıqları bu mühitlərə daha ətraflı nəzər salındıqda bu həqiqət çox açıq şəkildə ortaya çıxır.


Əvvəlcə, yuxarıdakı sətirlərdə toxunulduğu kimi, cahil insanlar əsasən öz istəklərindənsə, cəmiyyətin tələbləri istiqamətində hərəkət edərlər. Bundan ötrü də, necə əylənəcəklərinə, hansı kinofilmi seyr edəcəklərinə, hansı restorana, çay bağçasına və ya hansı gecə klublarına gedəcəklərinə cəmiyyətin müəyyənləşdirdiyi standartlar istiqamətində qərar verərlər. Çünki cəmiyyətin əksəriyyəti tərəfindən qəbul edilən şeyləri etməyin özlərinə insanlar arasında yer, əhəmiyyət və etibar qazandıracağını düşünərlər. Məsələn, tanınmış və hər kəsin getdiyi yerlərdə görünmək cahil insanlar üçün mühüm etibar qazanma məsələsidir. Narahat olub sıxılsalar da, yenə də bu mühitlərdə olaraq istər iş, istərsə də dost ətraflarındakı insanlara, həmin günlərdə ən tanınmış yerlərdə gəzib əyləndiklərini söyləyərək öyünə bilməyi qarşılarına məqsəd qoyarlar.


Bu əyləncə mühitlərinə nəzər salındıqda isə, əslində bu məkanların insan ruhuna zövq verə biləcək xüsusiyyətlərdən çox, insanı yorub sıxıntıya salacaq xüsusiyyətlərə sahib olduğu görülər. Əsasən bir çoxundakı mühit mümkün qədər izdihamlı və havasızdır. Güclü siqaret tüstüsünün hakim olduğu, insanların, səs-küyün dərəcəsindən bir-birlərinin sözlərini eşidə bilmədikləri mürəkkəb mühiti var. Çalınan musiqilər və ya təqdim edilən yeməklər nə qədər gözəl olsa da, izdihamın və səs-küyün dərəcəsindən, bu gözəllikdən faydalanıb zövq alına biləcək vəziyyət yaranmaz. Lakin belə şey də var ki, bu mühit çox ürəkaçan, aydınlıq, təmiz və keyfiyyətli də olsa nəticə yenə eyni olacaq. Yaşadıqları ortaq cahil əxlaqdan ötrü bu mühitdə də rahat ola bilməyəcəklər.


Hər kəsin bir-birinin qarşısında öyünə bilmək, etibar qazana bilmək, ön plana çıxa bilmək üçün gəldiyi, həsəd və rəqabət dolu mühitdə insanların həqiqi mənada əylənə bilməsi, əlbəttə ki, qeyri-mümkündür. İnsanlar ancaq təbii, səmimi, dostyana və güvən dolu bir mühitdə ürəklərincə əylənmək imkanı tapa bilərlər. Əks vəziyyətdə isə, həmişə bir-birlərinə qüsur axtarmaq gözüylə baxdıqları, bir-birlərinin nöqsanlarına lağ edib alçatdıqları cahil mühitlər meydana gətirərək bir-birlərini narahat edərlər. Həsəd və rəqabət hərisliyi ilə, bir yerə toplanmış insanların nə yemək yeməkdən, nə söhbət etməkdən, nə musiqi dinləməkdən, nə də rəqs etməkdən zövq ala bilməyəcəkləri, əksinə həm mənəvi, həm də fiziki cəhətdən ciddi şəkildə yorulacaqları, bu insanların özlərinin də rədd edə bilməyəcəyi qədər açıq həqiqətdir.


Bütün bunlarla yanaşı, cahil əxlaqı yaşayan insanların bir yerə toplandıqları bu cür mühitlərin mühüm xüsusiyyəti də, hər cür təhlükəyə açıq olmasıdır. Bu insanlar əylənmə məqsədiylə getdikləri yerlərin nə qədər seçilən və keyfiyyətli olmasına diqqət göstərsələr də, bu məkanlarda istər-istəməz cəmiyyətin müxtəlif təbəqələrindən gəlib müxtəlif xarakterlərə sahib insanlarla bir yerdə olmaq məcburiyyətində qalarlar. Bu insanlar arasında müxtəlif çirkin rəftarlar nümayiş etdirən insanlarla yanaşı, qaranlıq keçmişə və ya cinayətə meyilli xarakterə sahib, alkoqol və ya narkotik aludəçisi olan insanlar da ola bilir. Şübhəsiz ki, bu da, qarşılarına əylənmək məqsədi qoyan insanlar üçün olduqca narahat edici vəziyyət yaradar. Dolayısilə heç tanımadıqları, keçmişləri, həyat tərzləri, əxlaq anlayışları və ya şəxsiyyətləri barədə heç nə bilmədikləri insanlarla eyni mühitdə olarkən, həmin bu insanların həqiqi mənada rahat və şən olmaları qeyri-mümkündür.
Cahil əxlaqın hakim olduğu bir mühitdə, insanların özlərini zəmanət altında hiss etmələri qətiyyən mümkün deyil. Çünki Allah qorxusu olmayan, axirətdə Allaha haqq-hesab verəcəyini düşünməyən insanların nə düşünəcəkləri, necə davranacaqları və necə reaksiyalar verəcəkləri, öz fikir və prinsiplərindən asılıdır. Öz prinsiplərindən başqa heç bir prinsipləri yoxdur. Bu da, hər kəsin, öz mənfəətləri istiqamətində, heç bir sərhəd tanımadan, istədiyi kimi davranacağını göstərər ki, bu da, olduqca təhlükəli, etibarsız mühitlərin yaranmasına səbəb olar. Bundan ötrü də, Allah inancı olmayan insanların bir yerə toplandığı mühitlərin, oradakı insanlara rahatlıq və güvən verməsindən söhbət gedə bilməz. Narahatlığın olduğu və insanların özlərini zəmanət alıtında hiss etmədikləri bir yerdə isə, əylənə bilməyin qətiyyən mümkün olmayacağı çox aydındır.


Necə ki, bu insanların özləri də həqiqi mənada sevinə bilmədiklərindən və istədikləri kimi əylənə bilmədiklərindən xəbərdardırlar. Lakin problemin əslində ruhlarındakı boşluqdan, iman gətirməmələrindən qaynaqlandığını anlamaq istəməzlər. Bunun əvəzinə çıxış yolunu, özlərinə başqa əyləncə növləri tapmaqda axtararlar. Lakin bu da qətiyyən nəticə verməz. Cahil əxlaqın və cahillərin əyləncə anlayışının hakim olduğu hər yer, hər mühit ruhlarında eyni sıxıntını yaradar. Gərginlik və bezginlik onları getdikləri hər yerdə izləyər. Kənardan baxıldıqda əylənirmiş kimi görünsələr də, əslində bütün bu deyilənlərdən də aydın olduğu kimi, mənəvi cəhətdən rahatlıq, sükunət və dincliyi qətiyyən tapa bilməzlər.


Allah Quran ayələrində bu insanların vəziyyətinə diqqət çəkir və həyat tərzlərinin kənardan baxan insanları aldatmamalı olduğunu xatırladır:

 

Allahın ayələri barəsində yalnız inkarçılar mübahisə edərlər. Onların şəhərlərdə gəzib-dolaşmaları səni aldatmasın. (Mümin surəsi, 4)

 

Qoy inkarçıların diyarbədiyar gəzib dolaşması səni aldatmasın! Bu, az bir mənfəətdir. Sonra isə onların yeri Cəhənnəmdir. Ora nə pis yataqdır! (Ali İmran surəsi, 196-197)

 

Bu vəziyyət, inkarçılara Allahdan gələn bəladır. Əylənə bilmək üçün, lazım gələn hər cür imkana sahib olsalar da, Allah onları bunlardan ala biləcəkləri zövqlərdən məhrum buraxaraq, onlara qafil həyat tərzi yaşamalarının ziyanla nəticələnəcəyini göstərir.

 

Eyni mühitlərdə Quran əxlaqını yaşayan insanlar olduqda isə, qətiyyən belə narahatlığın olmasından söhbət gedə bilməz. Çünki bu insanlar bir-birlərinin Allahdan qorxduqlarını və Quran əxlaqına uyğun rəftarlar sərgiləyəcəklərini bilməyin rahatlığı içində olarlar.